CƏMİYYƏT


Tələbələr üçün beşgünlük "Yay məktəbi" başa çatıb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən tələbələr üçün beşgünlük “Yay məktəbi” başa çatıb.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, bağlanış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə tələbələr üçün hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş olunub. “Yay məktəbi”ndə fəal iştirak etdiklərinə görə tələbələrə təşəkkür edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır.

Ölkənin 7 universitetinin və şəhid ailələrindən olan tələbələrin iştirakı ilə keçirilən yay düşərgəsində tələbələr İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Lahıc qəsəbəsində yerləşən tarixi “Ağalo”, “Bədöyün” və “Zəvəro” məscidləri, tarixi hamam, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Kilsəsi, Alban-Udi mədəniyyət evi, “Azərbaycan Udi ocağı”nı ziyarət edib, İvanovka kəndində Molokan Ruhani Xristian dini icması və İvanovka kənd folklor qrupu ilə tanış olublar.

8-12 iyul tarixlərini əhatə edən “Yay məktəbi”ndə, həmçinin Fondun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun “Müasir gənclər və dəyərlərimiz”, icraçı direktorun müavini Rəfi Qurbanovun “Azərbaycanda müxtəliflik və interkulturalizm”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Elm tarixində Azərbaycan məktəbi” mövzularında mühazirələri dinlənilib, müxtəlif intellektual yarışlar keçirilib. Eyni zamanda, tələbələrin iştirakı ilə mədəniyyətimizin incilərindən olan milli rəqslər və filmlərdən maraqlı səhnəciklər ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.