İQTİSADİYYAT
Tələbələr üçün keçirilən “Sığorta işinin təşkili” kursu başa çatmışdır
Bakı, 5 fevral (AZƏRTAC). AXA Mbask sığorta şirkətinin “AXA Mbask Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Risk Peşəkarları Assosiasiyası ilə birgə tələbələr üçün keçirdiyi “Sığorta işinin təşkili” adlı ilk nəzəri və praktiki kurslar başa çatmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, eləcə də Qafqaz və Xəzər universitetlərindən seçilmiş 25 tələbə məşğələlər zamanı sığorta işinin xüsusiyyətlərini öyrənmiş, müxtəlif təcrübi tapşırıqları yerinə yetirmişdir. Onlara sığorta məhsullarının satışı texnologiyaları, anderraytinq, sığorta şirkətinin sənəd dövriyyəsi, sığorta hadisələrinin tənzimlənməsi barədə biliklər, eləcə də risklərin idarə edilməsi bağlı ixtisaslaşdırılmış məsləhətlər verilmişdir.
Təlim AXA Mbask şirkətinin menecerləri və mütəxəssisləri tərəfindən işlənib hazırlanan və sığorta şirkətinin fəaliyyətinə daha müfəssəl baxışı təmin edən nadir proqramlar əsasında aparılmışdır.
Kursun nəticələrinə görə, 5 tələbə şirkətdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanmışdır.