REGİONLAR
Tələbələr üçün milli-mənəvi dəyərlərə həsr olunmuş seminar təşkil edilib
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda seminar təşkil olunub.
Muxtar respublikanın Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda çıxış edən nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbə münasibətilə seminar iştirakçılarını təbrik edib. “Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir”, – deyən Gülbuta Babayeva vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında milli dəyərlərin öyrənilməsi, təbliği və tədqiqi sahəsində əldə olunan nailiyyətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası dayanır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqəti və qayğısı sayəsində milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində mühüm tədbirlər həyata keçirilib. Muxtar respublikada yeni muzeylər yaradılıb, tarixi abidələr bərpa edilib, dilimizi, mədəniyyətimizi təbliğ edən abidələr ucaldılıb.
Diqqətə çatdırılıb ki, 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda nazirliyin sistemində 30 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat mühafizə olunur.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən bəhs edib.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb, tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.