ELM VƏ TƏHSİL
Tələbələr ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yazı müsabiqəsi barədə məlumatlandırılıblar
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professoru Rəna Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndəsi ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələrə AQUPDK-nın təşəbbüsü və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının dəstəyi
ilə keçiriləcək, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda yazı müsabiqəsi barədə məlumat verilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində qadınlara üstünlük verilməsi və digər məsələlər diqqət mərkəzində olub. Ümummilli Lider həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onların rolunu yüksək qiymətləndirib, qadınlarla bağlı problemləri diqqət mərkəzində saxlayıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin zəngin irsinin məhz bu istiqamətdə böyük araşdırmalara, tədqiqatlara ehtiyacı olduğunu vurğulayan rektor görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan yazı müsabiqəsinin keçirilməsini alqışlayıb. O, tələbələrin bu müsabiqədə fəal iştirak edəcəklərinə və dəyərli, maraqlı işlərin ortaya çıxacağına əminliyini bildirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı tarixə nəzər salaraq Azərbaycan qadınlarının bütün zamanlarda cəmiyyətin aparıcı qüvvəsi olduğunu, dövlət siyasətində qadınların fəaliyyətinə qiymət verildiyini, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində bu məsələlərin daha da aktual olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər qadının rolunu yüksək qiymətləndirib, şəxsi nümunəsində bunu təsdiqləyib. Qadınlarla bağlı dövlət tədbirlərinin keçirilməsinin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf etdiyini deyən Milli Məclisin deputatı dövlət strukturlarında qadınların irəli çəkilməsini xüsusi qeyd edib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə yazı müsabiqəsi ilə bağlı tələbələrə ətraflı məlumat verib, onlara uğurlar arzulayıb.
AQUPDK-nın qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı müsabiqədə iştirak etmək istəyən tələbələrə məqalələri və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) aprelin 30-dək [email protected] elektron ünvanına göndərməyi tövsiyə edib. Müsabiqə qaliblərinin mükafatlandırılacaqları bildirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.