İDMAN


Tələbələrə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verilib

Bakı, 14 dekabr, AZƏRTAC

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərsləri və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət olunacaq.

Müsabiqədən keçən könüllülər üçün təlimlər aprelin 1-dən mayın 18-dək davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: ümumi təlim (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol təlimi (vəzifə barədə təlim) və məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.