ELM VƏ TƏHSİL


Tələbələrə adlı təqaüd təqdim edilib

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Möhbalıyev dövlətimizin başçısı İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyini, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə çoxlu sayda müasir tələblərə cavab verən məktəb binalarının tikildiyini diqqətə çatdırıb.

AHİK-in sədri dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. İndiyədək ümumilikdə 2209 tələbə adlı təqaüdə layiq görülüb.

Məlumat verilib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir və aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı işlər görülür. Belə ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin olunur.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük qayğı göstərdiyini vurğulayıb, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib.

Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 61 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.

Çıxış edən tələbələr onların təhsilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.