ELM VƏ TƏHSİL
Tələbələrə adlı təqaüd verilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
AHİK-in sədri dövlətimizin başçısı İlham Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Mehbalıyev diqqətə çatdırıb ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. İndiyədək ümumilikdə 1.968 tələbə bu ada layiq görülüb.
S.Mehbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb.
Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindəki 19 ali məktəbin 58 tələbəsinə adlı təqaüd verilib.