CƏMİYYƏT
Tələbələrə işaxtarmanın və işədüzəlmənin metodologiyası və texnologiyası barədə ətraflı məlumatlar verilib
Bakı, 20 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən biri də ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrinə iş axtarmağın və işədüzəlmənin metodologiyası və texnologiyasının öyrədilməsidir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə növbəti tədbir Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunub.
“İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda və universitetin ayrı-ayrı fakültələrinin yuxarı kurs tələbələrinin iştirakı ilə keçirilən treninqdə mərkəzin direktoru Fərəc Qasımzadə belə tədbirlərin gənclərin əmək bazarına inteqrasiyasında əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, yuxarı kurs tələbələrinin məzun olduqdan sonra ixtisaslarına uyğun iş yeri ilə təmin olunmalarında onların müasir üsullarla iş axtarışına, işəgötürənlərlə düzgün ünsiyyətin qurulmasına, habelə işədüzəlmənin metodologiyasına dair bilik və bacarıqlara malik olmaları mühüm rol oynayır.
Treninqdə mərkəzin mütəxəssisləri tərəfindən ölkəmizdə mövcud əmək bazarı, tələbələrin yiyələndikləri ixtisaslar üzrə əmək bazarında olan tələbat, ümumən işəgötürənlərin hansı peşə və ixtisaslara daha çox tələblərinin olması, vakant iş yerləri, məşğulluq xidmətləri barədə məlumatlar verilib. Müasir işaxtarma metodları, CV-nin düzgün və məqsədyönlü yazılması və işə qəbul üçün müsahibəyə hazırlaşmaq qaydası, işəgötürənlə ilkin ünsiyyət zamanı diqqətdə saxlanılmalı olan məsələlər, işəgötürən tərəfindən verilə biləcək sualların necə cavablandırılmasının daha məqsədəuyğun olması və s. ilə bağlı metodologiyadan irəli gələn, həmçinin təcrübədə özünü doğrultmuş üsullar tələbələrin diqqətinə çatdırılıb. İştirakçılara əmək və məşğulluq sahəsində qanunvericilik, işçi və işəgötürən münasibətlərinin hüquqi müstəvidə formalaşdırılması, habelə dövlət qulluğuna qəbul qaydası barədə məlumatlar verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb.
Treninqdə aktiv məşğulluq tədbirlərini, işaxtarmanın və işədüzəlmənin metodologiyasını əks etdirən çap materialları da tələbələrə təqdim olunub.