REGİONLAR
Tələbələrə yoluxucu xəstəliklər və infeksiyalar əleyhinə peyvənd vurulub
Gəncə, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” mövzusunda keçirilən maarifləndirici tədbirdə tələbələrə yoluxucu xəstəliklərdən və infeksiyalardan qorunmağın yolları, həmçinin peyvəndləmə haqqında məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva müxtəlif yoluxucu xəstəliklər və infeksiyalardan qorunmaq üçün gənclərin daha məlumatlı olmağının vacibliyini qeyd edib.
Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasının baş həkimi İsa Babayev yoluxucu xəstəliklərdən və infeksiyalardan qorunmaq üçün peyvəndlərə xüsusi diqqət yetirməyin vacibliyi barədə danışarkən söyləyib ki, bu gün gənclər arasında vərəm, poliomielit, difteriya, tetanus, göy öskürək, pnevmoniya, hemofilus influenza B, qızılca, məxmərək və parotit əleyhinə peyvəndlərin aparılması çox yaxşı haldır. İmmunoprofilaktika sahəsində də xeyli irəliləyişlər var. Səhiyyə Nazirliyinin apardığı ardıcıl tədbirlər nəticəsində suçiçəyinin, poliomielitin, difteriyanın qarşısı tamamilə alınıb.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Bütün bunlar ölkəmizdə gənclərin sağlamlığına göstərilən qayğının bariz nümunəsidir. Gənclərin sağlamlığına bu cür diqqət və qayğı göstərilməsi gələcək nəslin sağlamlığı deməkdir.
“Biz həkim və pediatrlar da öz işimizi bu diqqət və qayğıya uyğun şəkildə qurmalıyıq”- deyə baş həkim qeyd edib.
Sonda universitetin tələbələri qızılca epidemiyasına qarşı peyvənd olunub, rentgeno flüroqrafiya aparatı ilə müayinə ediliblər.