ELM VƏ TƏHSİL
Tələbələrin kiçik və orta sahibkarlığa yönləndirilməsi iqtisadiyyata yeni nəfəs verir
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımovun üçüncü və dördüncü kurs tələbələri ilə görüşü təşkil olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsinin məqsədi tələbələrin, gənclərin sahibkarlıq sahəsində maarifləndirilməsi, bu sahəyə yeni ideyaların axınının təmin edilməsidir.
Görüşdə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətindən danışan prorektor İsa Xəlilov vurğulayıb ki, dinamik və dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən bəhs edən prorektor deyib: “Bu sahənin inkişafı üçün təsdiqlənən Strateji Yol Xəritəsi milli iqtisadiyyatın diversifikasiyası, rəqabətliliyin artırılması, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi, həmçinin məşğulluğun və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Azərbaycanda sahibkarlıqla məşğul olmaq üçün əlverişli mühitin yaradıldığını qeyd edən İ.Xəlilov tələbələri innovativ ideyalarını sahibkarlıq subyektinə çevirməyə çağırıb.
Uğurlu sahibkarlığın qurulması yolları, bu istiqamətdə riskin azaldılması, həmçinin manevretmənin praktik metodları haqqında ətraflı məlumat verən N.Kazımov deyib: “Sahibkarlıq da insanların məşğul olduqları əhəmiyyətli fəaliyyət növlərindən biridir. Buna görə də müvafiq sahədə uğur qazanmaq üçün sahibkar məşğul olduğu fəaliyyət növünü dərindən öyrənməlidir”.
Sonda tələbələrin sualları cavablandırılıb, müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb.