ELM VƏ TƏHSİL


Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Bakı, 8 fevral , AZƏRTAC

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1504 nəfər müraciət edib. Onlardan 40 nəfərini magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 141 nəfərdir. 1323 nəfər ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün müraciət edib.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 316 nəfərdir.

Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin fevralın sonunadək açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali məktəbin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Transfer.edu.az portalı vasitəsilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.