ELM VƏ TƏHSİL
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
Bakı, 22 fevral, AZƏRTAC
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu il bakalavriatura və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.
Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.