ELM VƏ TƏHSİL
Tələbələrin köçürülməsinin nəticələri açıqlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3 min 83 nəfər müraciət edib. Onlardan 2 min 266 nəfərin müraciəti müsbət cavablandırılıb.
Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2 min 668 nəfərdən 1915-nin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351-nin müraciəti müsbət cavablandırılıb.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.