CƏMİYYƏT
“Teleqüllə” sürüşmə sahəsindəki çatlarda artım müşahidə olunur
Bakı, 25 yanvar, AZƏRTAC
Paytaxtın Səbail rayonunda Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşən “Teleqüllə” sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub. Həmin ərazidə yamacın meyilliyi 25-30 dərəcəyə bərabərdir. Lakin yamacın kəsilməsi nəticəsində meyillik 45-50 dərəcəyə çatıb. Mövsümlə əlaqədar yağıntıların olması isə prosesi daha da aktivləşdirib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, idarə tərəfindən tərtib edilən xəritələrdə həmin ərazinin sürüşməyə meyilli olması və konturları göstərilib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları ərazidə gündəlik araşdırmalar aparırlar. Monitorinqlərin nəticəsinə əsasən, çatlarda artım müşahidə olunur, yeni çatlar əmələ gəlir. FHN-in işçiləri çatları gil qatı ilə doldururlar ki, yağıntılar zamanı hopma baş verməsin.
“Təbiət hadisəsi olduğu üçün qarşısını almaq mümkün deyil. Sürüşməyə meyilli ərazilərdə sürüşmənin aktivləşməməsi üçün tövsiyələr verilə bilər. Göründüyü kimi təbiətə kor-koranə müdaxilə etmək fəsadlar yaradır”, - deyə Ə.Qaralov qeyd edib.
O, həmçinin məsələnin dövlət nəzarətinə götürüldüyünü və müvafiq qurumlara tapşırıqlar verildiyini də qeyd edib.