CƏMİYYƏT
Təlimlər azyaşlılarda əlilliyin erkən aşkarlanması və profilaktikası sisteminin gücləndirilməsinə xidmət edəcək
Bakı, 19 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyi və UNICEF-in Bakı ofisinin dəstəyi ilə uşaqlar arasında əlilliyin erkən aşkarlanması və profilaktikasına dair bilik və bacarıqlarının artırılması üzrə milli təşəbbüsünün tərkib hissəsi olaraq bir sıra təlimlər keçiriləcəkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər beynəlxalq məsləhətçilərin iştirakı ilə fevralın 20-dən 23-dək Bakıda aparılacaq.
Ankara Universitetinin professoru İlgi Ertem və onun rəhbərlik etdiyi qrup fevralın 20-21-də Bakıdakı 13 nömrəli poliklinikada 6 yerli peşəkar təlimçi tərəfindən keçiriləcək “Uşaqlarda inkişafın monitorinqi”nə dair təlimlərə nəzarət edəcək.
Təlimdə Bakı Psixi Sağlamlıq Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Bakı, Lənkəran, Şəmkir, Şəki, Zaqatala və Kürdəmir poliklinikaları və uşaq psixi sağlamlıq mərkəzlərindən, müxtəlif rayon və institutlardan olan 60-dan çox səhiyyə işçisi, psixoloq, elmi işçi və psixoloq-pedaqoq iştirak edəcək. Milli təlimçilər Ankara Universiteti tərəfindən veriləcək beynəlxalq təlimçi şəhadətnaməsini almaq üçün Bakıda keçiriləcək təlim ərzində beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcəklər.
Ankara Universitetini təmsil edən qrupla tərəfdaşlıq, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu üçün uşaqlarda inkişafın monitorinqi üzrə təlim paketinin hazırlanmasını, yerli təlimçilərin hazırlığını ehtiva edir.
Qeyd edək ki, UNICEF-in uşaqların inkişafının monitorinqi, uşaqlarda əlilliyin erkən profilaktikası və inkişaf ləngimələrinin erkən aşkarlanması istiqamətində milli pediatr və digər mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə Səhiyyə Nazirliyi ilə birgə tədbirlərinin tərkib hissəsidir. 2016-cı ildən etibarən paytaxtda və rayonlarda 300–dən artıq həkim (əsasən pediatr və uşaq nevroloqu) üçün təlim keçirilib. Sertifikatlaşdırmadan sonra yerli peşəkar təlimçilər artıq Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris planına daxil edilmiş həmin təlimləri özləri müntəzəm şəkildə keçə biləcəklər. Hər tədris ili ərzində təxminən 200-300 səhiyyə işçisi üçün hazırkı təlim proqramının keçilməsi nəzərdə tutulur.