REGİONLAR


Telman Abbasov: Şuşaya qayıdırıq, bu torpaqlarda əbədi yaşayacağıq

Masallı, 14 noyabr, Bağır Əliyev, AZƏRTAC

Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsi Böyük Qələbənin başlanğıcı oldu. Azərbaycanın bu qədim şəhərinin mənfur düşmənlərimizdən geri alınması Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasına rəvac verdi. Bu möhtəşəm Qələbəmizdən sarsılan düşmənlərimiz isə acı məğlubiyyətin təsirindən, yəqin ki, uzun illər çıxa bilməyəcəklər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 1992-ci ildən Masallı şəhərində məskunlaşmış Şuşa şəhər sakini Telman Abbasov söyləyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın, eləcə də Qafqazın incisi olan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza, eləcə də bizim ailəyə sonsuz sevinc və qürur hissi yaşadıb.

Şuşa Dövlət Dram Teatrında sürücü, həyat yoldaşı Elmira xanım isə Şuşa sanatoriyasında səkkizinci korpusun rəhbəri kimi çalışdığını vurğulayan Telman Abbasov ailədə dörd övlad böyütdüklərini, bir qızın toyunu Qarabağda etsələr də, o birini Masallıdan gəlin köçdüyünü diqqətə çatdırıb.

Ailənin tək oğlu Rafiq Abbasov Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirib. Masallı şəhər şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri, ömür-gün yoldaşı Ülviyyə isə həmin tədris ocağında ibtidai sinif müəllimi işləyir.

Telman kişi Böyük Qələbənin sevincindən bir yerdə qərar tuta bilmədiyini, bu sevinci hamı ilə bölüşmək istədiyini bildirib: “Vətən müharibəsinin ilk günündən etibarən yenilməz ordumuzun qələbə xəbərləri sanki bükülmüş qəddimizi, başımızı dikəltdi. 44 gün ərzində hünərvər əsgərlərimizin döyüş meydanında göstərdiyi böyük şücaəti bir daha bütün dünyaya bəyan etdi ki, qorxubilməz oğullarımız, dəmir iradəli Azərbaycan xalqı nəyə qadirdir”.

Yetmiş səkkiz yaşlı ağsaqqal ötən acı günləri yada salaraq dedi: “1988-ci ildə ermənilərin Xankəndinə hücumlarından sonra Şuşaya pənah gətirdik. Yerevandan gələn ermənilər yerli erməniləri məcbur edirdilər ki, bizi incitsinlər, sıxışdırıb şəhərdən çıxartsınlar. Bir sözlə, azərbaycanlılara zülm edirdilər. Həyət evlərinə od vurub yandırır, binada yaşayanların bəzisini yaşadığı mənzilin əşyalarını eyvanından küçəyə tullayırdılar. Qarajı söküb maşınımı əzik-üzük etmişdilər.

Xocalının Meşəli kəndi uğrunda gedən döyüşlər zamanı dayımın iki övladı şəhid oldu. İki xalam oğlu isə əsir düşdü. İndiyəcən onlardan xəbər-ətər yoxdur. Meşəlidə, Armais adlı erməni quldurunun başçılığı ilə 27 azərbaycanlı qətlə yetirilmişdi...

Növbəti dəfə Şuşadakı yurdumuzdan, evimizdən didərgin düşdük. Şəhərin mərkəzində - Vaqif Cəfərov küçəsi 30, mənzil 40 ünvanında yaşayırdıq. Köç zamanı həyat yoldaşımla uşaqları Ağdama, Çəmənli kəndinə yola saldım...”.

Söhbətimizə oğlu Rafiq də qoşuldu: “Bir müddət təşviş içində yaşasaq da sonradan güllə, mərmi səsinə alışmışdıq. Sanki, bu bizim üçün adi həyat tərzinə çevrilmişdi. Əhalidə qorxu-xof hissi yox idi. Xocalı faciəsindən sonra ermənilərin iç üzü açıldı. Şuşa şəhərinin mərkəzi mütəmadi atəşə tutulmağa başladı. İnsan tələfatları oldu. Oxuduğum şəhər 3 nömrəli orta məktəbə də mərmi düşmüşdü. Xoşbəxtlikdən şənbə günü olduğundan dərsdə deyildik. Məktəbin yarısı dağılmışdı... Şuşanın ilk şəhidi Habil Abbasov bizim qonşumuz idi. İzdihamlı dəfn gününü də xatırlayıram, güclü qar yağırdı...”.

Rafiq müəllim danışdıqca sanki yaddaşı təzələnirdi: “1992-ci il yanvarın 28-i idi. Qonşumuzun qışqırığına eyvana çıxdıq. “Mi-8” vertolyotunun yana-yana Xəlfəli kəndi üzərindən dərəyə necə düşüb partlamasının şahidi olduq. Ermənilərin bu kütləvi qətliamı nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 44 nəfər həlak olmuşdu. Atamın iki xalası qızı o faciənin qurbanlarına çevrildi. Vertolyotun ikinci pilotu Masallıdan olan Səfa Axundov ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü”.

Telman kişi sözünü davam etdirərək dedi: “Xocalı faciəsindən sonra ermənilər genişmiqyaslı artilleriya bombardmanına başladılar. Əsasən Kərkicahandan, Topxana meşəsindən mərmi atırdılar. Ermənilər 8 mayda tank və vertolyotlarla Şuşaya hücum etdilər.

Döyüşlərə qatılmaq üçün bir neçə rayondan polis dəstələri də köməyə gəlmişdi. Masallıdan gələn polis işçilərindən Adışirin Həzərxanov, Nizami Şükürov sonuncu gün şəhəri tərk edərkən bizə kömək etdilər. Sanki son sakinlər kimi şəhəri tərk edirdik. Beş nəfər idik: mən və sanatoriya işçiləri. Şuşa zastavasına gəldik, Laçın yoluna çıxdıq. Zarıslıdan yolu bağlamışdılar. İki günə Beyləqana çatdıq. Bir neçə gün sonra isə Masallıya gəldik...”.

Ailənin 43 yaşlı övladı Rafiq qürurla söhbəti davam etdirdi: “Doğma torpaqlara qayıdırıq. Məcburi köçkün adından xilas oluruq. Üçrəngli bayrağımız Şuşa qalasına sancıldı, işğaldan azad edilmiş Qarabağda dalğalandı. Qələbə günündə özümə borc bildim ki, şagirdim, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Araz Seyfullayevin, Şuşa həsrəti ilə dünyasını dəyişən Elmira anamın Masallı şəhər qəbiristanlığındakı məzarını ziyarət edim”.

Rafiq Abbasov 30 il ərzində heç kimə demədiyi sirlərini bizimlə bölüşdü: “Sizə iki sirrimi açıqlayacağam”, - deyə o biri otağa keçdi. Dəsmala bükülmüş köhnə, paslı açarları masa üzərinə qoyaraq dedi: “Bunlar mənə anamdan əmanətdir. Evdəkilər xəbərsizdir. Şuşadakı evimizin, həyətdəki qarajın açarlarıdır. İkinci sirrim isə dəfələrlə hərbi-vətənpərvərlik tədbirlərində, şəhidlərin anım mərasimlərində istifadə etdiyim bu bayraqla bağlıdır. Bu günəcən heç kim bilmir ki, onu Şuşadan gətirmişəm. 13 yaşımdan bu bayraq mənimlədir...”.

Ailənin ağsaqqalı Telman kişi söhbəti nikbin notlarla tamamladı: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.