İQTİSADİYYAT
Telman Əliyev: Məqsədimiz Azərbaycan və Gürcüstan iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir
Tbilisi, 20 may, AZƏRTAC
Bu gün “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan artıq Azərbaycan şirkətinin rəhbəri Gürcüstana səfərə gəlib. Səfərin məqsədi Azərbaycan və Gürcüstanın iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək, onların üçüncü ölkələrə birgə çıxışına yardım göstərməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi münasibətlər yüksək səviyyədədir. Hər iki ölkənin şirkətləri arasında əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafına xidmət edir. Azərbaycan və Gürcüstan şirkətləri arasında bir neçə dəfə görüşlər təşkil olunub və bu görüşlərin çox müsbət nəticələri olub. Lakin pandemiya dövründə müəyyən fasilələr yaranıb. Bu gün bu cür görüşlərin təşkilinə böyük ehtiyac var. “Caspian Energy Club” bunu nəzərə alaraq fəaliyyətini davam etdirəcək və bu cür görüşlər bundan sonra mütəmadi olaraq təşkil olunacaq.
T.Əliyev bildirib ki, Gürcüstana səfər çərçivəsində “SOCAR Energy Georgia” şirkəti, AZEBİ, Avropa İttifaqı-Gürcüstan Biznes Şurası ilə görüşlər keçirilib.
“Caspian Energy Club” ilə AZEBİ arasında əməkdaşlığa dair memorandum imzalanıb. Gürcü-Türk İş Adamları Dərnəyi ilə də belə bir sənəd imzalanacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi