Telman Tahirli: Yeni çağırış parlament ölkədə aparılan islahatlara təkan verəcək
AzerTAg.az
Bakı, 29 yanvar, AZƏRTAC
Ümid edirik ki, yeni çağırış parlament ölkədə aparılan islahatlara təkan verəcək. Namizədlərin sırasında gənclərin çoxluq təşkil etməsi də mühüm amildir. İnanıram ki, seçiləcək gənclər parlamentdə müasir ideyalarla fəaliyyət göstərəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli söyləyib.
O, yeni parlamentin ölkə həyatının müxtəlif sahələrinə dair mühüm qərarlar qəbul edəcəyinə inandığını bildirərək deyib ki, yeni çağırış parlament öz fəaliyyəti ilə ölkədə aparılan islahatlara, Azərbaycanın daha da inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması istiqamətində görülən işlərə töhfə verəcək.
Seçki prosesində qadın namizədlərin fəallığına diqqət çəkən T.Tahirli hesab edir ki, qadın parlamentarilər müxtəlif sahələrdə, o cümlədən ailə və uşaq problemləri də daxil olmaqla sosial məsələlərin həllində daha çox fəallıq göstərirlər. “Bu baxımdan yeni parlamentdə də qadın deputatların sayının çox olması arzuediləndir”, - deyə T.Tahirli bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var