CƏMİYYƏT


Təltif olunan həmkarlar ittifaqı fəallarına orden və medallar təqdim edilib

Bakı, 12 mart, AZƏRTAC

Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı Sərəncamla Azərbaycanda həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə təltif edilmiş bir qrup şəxsə mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqı fəallarını təltif etdiyi üçün çoxminli ittifaq üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edib və onların bu yüksək etimadı bundan sonra da doğruldacaqlarına əminliyini bildirib.

Ardınca Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi inkişaf yolundan, funksiyalarından, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması naminə gördüyü işlərdən, həmçinin AHİK-in yaranmasından, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atdığı addımlardan və dövlətin sosial layihələrinə verdiyi dəstəkdən danışıb.

Həmkarlar ittifaqlarına müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin göstərdiyi dövlət dəstəyini qeyd edən AHİK sədri bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, son dərəcə qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb.

Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.

AHİK-in yaradılmasının 30 illiyi ilə əlaqədar keçirilən yığıncağın iştirakçılarına Prezidentin ünvanladığı məktuba toxunan Konfederasiya sədri vurğulayıb ki, müasir inkişafın reallıqlarını nəzərə alaraq fəaliyyətimizdə əsaslı dəyişikliklər aparmalı, iş yerlərində əmək hüquqlarının qorunması və işçilərin sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmalıyıq.

Daha sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş şəxslərə orden və medallar təqdim edilib.

Təltif olunan ittifaq üzvləri Prezident İlham Əliyevə minnətdarlıq edərək göstərilən diqqət və qayğı sayəsində həmkarlar ittifaqlarının bundan sonra da daha böyük uğurlara imza atacağını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.