Təmas xəttində baş verən hadisələrlə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində tədbir keçirilib
AzerTAg.az
Bakı, 5 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlarla əlaqədar aprelin 5-də Binəqədi Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, təxribatlar zamanı həlak olan hərbiçilərimizin və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cəbhəboyu zonada erməni hərbi birləşmələrinin təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini diqqətə çatdırıb.
O, müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunduğunu söyləyib. Dövlətimizin başçısının çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini xüsusi vurğuladığını, bu istiqamətdə konkret vəzifələr müəyyənləşdirdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan dövləti gənc nəslin vətənpərvərlik, milli mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət verir. Bu, bizim inkişafımızın əsasıdır.
Azərbaycan Ordusunun düşmənə qətiyyətli və sarsıdıcı zərbələr endirdiyini, mühüm strateji yüksəklikləri ələ keçirdiyini söyləyən X.İsgəndərov ölkəmizin ərazi bütövlüyünün bərpasının, torpaqlarımızın işğaldan azad edilməsinin hər bir insanın vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hər bir azərbaycanlı Qələbəyə gedən yolda Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, şəhid anası Bikə Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənclər birliyinin fəalı, əsgər bacısı Nərgiz Qurbani çıxış edərək Azərbaycan Ordusunun gücündən, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətdən söhbət açaraq torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini bildiriblər.
Çıxışlardan sonra yığıncaq iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Sonra əməkdar artist Ağalar Bayramovun ifasında hərbi–vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub. Həmçinin hərbçilər, “Şahin” hərbi-idman oyunun iştirakçıları və rayon gəncləri hərbi vətənpərvərlik mahnılarının sədaları altında Azərbaycanın üçrəngli dövlət bayrağını dalğalandırıb “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını səsləndirərək yürüş keçiriblər.









Xəbərin mətnində orfoqrafik səhv var