REGİONLAR


Təmas xəttinə yaxın hərbi hissədə Silahlı Qüvvələr Günü konsert proqramı ilə qeyd edilib

Daşkəsən, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC

Müdafiə və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə Daşkəsən rayonundakı N saylı hərbi hissənin şəxsi heyəti üçün konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyət arzulayıblar.

Bildirilib ki, yaranmasının 101 illiyinin qeyd olunduğu Silahlı Qüvvələrimiz dövlətimizin dayağı, ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilib və mənfur düşmənin tapdağı altında olan torpaqlarımızı ən qısa zamanda azad etmək iqtidarındadır. Qısamüddətli şanlı Aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı, Ordumuzun yüksək döyüş bacarığını və hərbi qüdrətini də əyani şəkildə sübut etdi.

Hərbi hissənin komandanlığı bu təşəbbüsü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Sonra tədbir konsert proqramı ilə davam edib. Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Teymur Əmrah və Vasif Məhərrəmlinin vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tədbirdə, həmçinin səyyar təşviqat dəstəsinin “Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissənin əsgərləri ailələrinə məktublar yazıblar.

Bildirilib ki, səyyar təşviqat dəstəsi ön cəbhədən əsgərlərdən valideynlərə və əks istiqamətdə cavab məktublarının çatdırılmasında mühüm vasitəçidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.