SİYASƏT


Təmaslardan qaçmağın, təxribatların yeganə alternativi Azərbaycan torpaqlarının tərk edilməsidir – Şərh

Təmaslardan qaçmağın, təxribatların yeganə alternativi Azərbaycan torpaqlarının tərk edilməsidir –  Şərh

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan öz mövqeyinə, prinsiplərinə sadiq qalaraq bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün bir tərəfdən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş razılaşmalara, beynəlxalq hüququ norma və prinsiplərinə uyğun tədbirlər həyata keçirməklə üzərinə düşən vəzifələri yerinə yetirir, digər tərəfdən isə ölkəmizin ərazisində - Qarabağda yaşayan ermənilərlə birbaşa təmaslar qurmağa çalışır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq niyyəti ilə növbəti dəfə Bakıya dəvət etməsi də bu konstruktiv və humanist niyyətə xidmət edir. “İstər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təsisatların, o cümlədən bölgədə davamlı sülhün əldə edilməsində maraqlı olan ölkələrin birbaşa təmasları dəstəkləmələri, dialoq mühitinin və qarşılıqlı etimadın formalaşmasında maraqlarını ifadə etmələri də Azərbaycanın təşəbbüslərinin ən doğru və ən real seçim olduğunu bir daha təsdiqləyir.

Bütün bunlara baxmayaraq, ermənilərin öz klassik ənənələrinə “sadiq qalaraq” rəsmi Bakının təkliflərini növbəti dəfə cavabsız qoymaları həm Ermənistanın, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin qarşılıqlı münasibətlərin sivil və konstruktiv müstəvidə inkişafında maraqlı olmadıqlarını, mövcud vəziyyətdən və reallıqlardan nəticə çıxarmadıqlarını göstərir”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda cərəyan edən proseslər sübut edir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan, reinteqrasiya prosesini qəbul etməkdən başqa alternativləri yoxdur. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yeganə çıxış yoludur.

“Təmaslardan qaçmağın, qeyri-konstruktivliyin, separatçı və revanşist meyillərin, təxribatların yeganə alternativi Azərbaycan torpaqlarının tərk edilməsidir. Heç bir qüvvə Azərbaycan xalqını və dövlətini öz ədalətli və qətiyyətli mövqeyindən çəkindirə bilməz. Mövcud vəziyyətdən çıxış üçün üçüncü yol yoxdur və bu istiqamətdə göstərilən bütün cəhdlər iflasa uğrayacaq”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.