ELM VƏ TƏHSİL


Təmayülləşmənin təşkilində siniflərin paralelliyi vacib amillərdən sayılır

Bakı, 23 sentyabr, AZƏRTAC

Təmayüllü siniflərin təşkilində müəyyən çətinliklər də var. Bir çox kənd məktəblərində paralel siniflər yoxdur. Bir sıra siniflərdə isə şagirdlərin sayı çox azdır. Halbuki belə siniflərdə də istedadı və marağı ilə seçilən şagirdlər var.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. “Çalışdıq ki, mümkün olduğu qədər bu uşaqlar kənarda qalmasın. Ona görə də bir-birinə yaxın məsafədə yerləşən məktəblərdən qabiliyyətli uşaqları seçməklə şəraiti və maddi tədris bazası normal vəziyyətdə olan məktəbdə təmayüllü sinif təşkil edirik”, - deyə şöbə müdiri bildirib.

Onun sözlərinə görə, təmayül siniflərinin təşkilində və şəbəkəsinin genişləndirilməsində nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyaların mövcud imkanlarından istifadə etmək nəzərdə tutulub. Belə ki, həmin təhsil müəssisələrində əvvəldən təmayüllü siniflər olsa da, maddi-texniki baza imkan verirsə, əlavə siniflərin də açılması təmayül təşkil edilməyən kənar məktəblərdən uşaqların orada oxumasına imkan yaradır. Bakıda buna o qədər də ehtiyac yoxdur, lakin digər şəhər və rayonlar üçün bu, olduqca zəruridir.

A.Əhmədov qeyd edib ki, təmayülləşmənin təşkilində siniflərin paralelliyi vacib amillərdən sayılır. Təmayülləşmənin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada ən azı üç paralel sinif olmalıdır ki, seçim keyfiyyətli aparılsın. Ancaq bu heç də həmişə mümkün olmur. Ona görə də uşaqların sayı, meyil və maraqları nəzərə alınmaqla bir sinifdə iki təmayülün tətbiqi təcrübəsindən yararlanmaq qərara alınıb. Tədris planları da bunun əsasında hazırlanıb. Məqsəd ondan ibarətdir ki, marağı və hər hansı fənn sahəsi üzrə təlim göstəriciləri yüksək olan uşaqlar kənarda qalmasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.