CƏMİYYƏT
Təmir işlərinin aparıldığı yolda ölümlə nəticələnən hadisə törədən sürücü tutularaq istintaqa cəlb edilib
Bakı, 23 iyun, AZƏRTAC
Prokurorluq paytaxtın Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nərimanov Rayon Prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonunda Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı rayonun Su-Kanal İdarəsinin qəza-bərpa xidmətinin sahə rəisi 1967-ci il təvəllüdlü Əlqamət Zeynalov avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən ölüb. Fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, paytaxt sakini 1986-cı il təvəllüdlü Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.