REGİONLAR


“Təmiz Aran” layihəsi başa çatıb

Ağcabədi, 20 fevral, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə təşkil olunan “Təmiz Aran” layihəsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Bərdə və Ağcabədi regional “ASAN xidmət” mərkəzlərində və Yevlax rayon Heydər Əliyev Mərkəzində layihə iştirakçıları ilə görüş keçirilib. Bərdədəki Şəhidlər xiyabanı ziyarət olunub, Xan Meşəsi, Tərtər çayının sahili, Ağcabədi rayonunda Qarqar çayının sahili və yolkənarı tullantılı ərazilər, Yevlax rayonunda isə Kür çayının sahili və əhalinin sıx olduğu ərazilər “ASAN Könüllüləri” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) gənclərinin iştirakı ilə təmizlənib. Hər aksiyanın sonunda iştirakçı gənclər sertifikatlarla təltif olunub.

Yekunda Ağcabədi regional “ASAN xidmət” mərkəzində layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinin, Gənclər üçün Təhsil mərkəzinin Qarabağ regional ofisinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Aran” qəzetinin əməkdaşları, layihənin iştirakçıları olan “ASAN Könüllüləri” və GİKM-in gəncləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər layihə haqqında məlumat veriblər. Bildirilib ki, layihə ümumilikdə 100-ə yaxın gəncin iştirakı ilə 3 rayonu əhatə edib. Layihənin əsas məqsədi ətraf mühitin təmizlənilməsi, əhalinin sıx olduğu ərazilərin tullantılardan azad edilməsi və cəmiyyətimizdə ekoloji məsuliyyətin gücləndirilməsidir. Layihənin davamlılığının qorunması üçün hər 3 rayondan 1 nəfər ekoloji müvəkkil seçilib. Gələcəkdə mütəmadi şəkildə həmin ərazilərin təmizliyinin qorunması məqsədilə aksiyalar davam etdiriləcəkdir.

Layihə müddətində fəallığı ilə fərqlənən iştirakçılar təltif edilib. Təmizlənmiş ərazilərin əvvəl və sonrakı vəziyyətlərindən ibarət fotosərgi keçirilib, iştirakçılar üçün filmklub təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.