CƏMİYYƏT
“Təmiz Binəqədi–təmiz ideya” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 13 aprel, AZƏRTAC
IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyadan əvvəl “Təmiz Binəqədi–təmiz ideya” müsabiqəsinə təqdim olunan məqalələrin müəllifləri mükafatlandırılıb. Təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq “Bakı-2015” ilk Avropa Oyunlarına bilet təqdim edilib. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın da əməkdaşı olub.
Tədbirdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunub.
Sonra rayonun Biləcəri qəsəbəsində yerləşən Stend Atıcılığı Mərkəzinin yaxınlığında keçiriləcək ağacəkmə aksiyası barədə məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışları bu əraziyə yaxın məkanlarda keçiriləcək.
Daha sonra aksiyaya start verilib. Aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib.