CƏMİYYƏT
“Təmiz dənizlər” Fondu Xəzər suitinin populyasiyasının dəyişmə mənzərəsini öyrənir
Bakı, 5 iyul, AZƏRTAC
“Təmiz dənizlər” Beynəlxalq Ekologiya Fondu Dünya Okeanının ekoloji problemlərinin öyrənilməsi ilə məşğuldur.
Bakıda keçirilən “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Fondun baş direktoru Vasili Boqoslovski tədbirdə çıxış edib. O deyib: “Bizim qurum 30 il ərzində ilk dəfə müvafiq şirkətlərlə birlikdə Qara dənizdə delfinlərin kompleks şəkildə uçotunu təşkil edib. Təcrübə göstərib ki, kiçik aviasiyadan istifadə edilməklə aparılan uçot iri heyvanların və dəniz məməlilərinin sayını, onların populyasiyasını və yayılma ərazisini müəyyən etməyin ən səmərəli formasıdır”.
V.Boqoslovskinin sözlərinə görə, Fond uzun illər ərzində ilk dəfə laboratoriya komplekslərinin köməyi ilə biomüxtəlifliyin sistemli uçotunu, o cümlədən Xəzər suitinin monitorinqini təşkil edib. Bu işlər çərçivəsində yaradılmış “Xəzərin qəlbi” ekologiya layihəsi Rusiya Federasiyasında fəaliyyət göstərən federal icra hakimiyyəti orqanlarının, ictimaiyyətin və müxtəlif beynəlxalq hərəkatların dəstəyi ilə həyata keçirilir.
“Tədqiqatın tamlığı üçün Xəzər dənizi akvatoriyasının Azərbaycana məxsus qərb hissəsini araşdırmaq lazımdır. Bu halda Xəzər suitinin populyasiyasının, o cümlədən iqlimdən asılı olaraq dəyişməsi barədə daha tam təsəvvür əldə edilər. Biz bu sahədə əməkdaşlığa hazırıq”, - deyən Boqoslovski görüş iştirakçılarını noyabr ayında Moskvada keçiriləcək biomüxtəlifliyinə və Xəzər suitinə həsr edilmiş elmi konfransa dəvət edib.