CƏMİYYƏT


Plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner quraşdırılıb

Bakı, 30 noyabr, AZƏRTAC 

Noyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunduğunu və alıcıların da ipdən toxunan, parçadan hazırlanan yaxud da həsir tipli zənbillərdən istifadə etdiklərini bildirib. O, bildirib ki, mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan onları sellofan paketlər əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi “pinqvin” adlandırılan sellofan paketlərdə qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur.

Mətbuat katibi hər kəsi təmiz ətraf mühit üçün sellofan paketlərdən imtina etməyə və bununla da ətraf mühitin qorunması istiqamətində mühüm addım atmağa dəvət edib.

Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva artıq bir neçə aydır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə maarifləndirici-təbliğat işlərinin aparıldığını deyib. O, bildirib ki, bununla yanaşı, məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür: “Plastik tullantıların mənfi təsirləri haqqında əhali kifayət qədər məlumatlıdır. Nazirlik tərəfindən qəbul olunan qərarlarda əsas olaraq əhalinin fikri və maraqları nəzərə alınır. Bu məqsədlə bir neçə kütləvi informasiya vasitələrində sorğular yerləşdirilib. Sorğuda “Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” sualına respondentlərin 80-90,6 faizi müsbət cavab verib. Digərləri isə həmin məhsulların məhdudlaşdırılmasının tərəfdarı olmadıqlarını bildiriblər. Buna səbəb olaraq isə plastikdən istifadənin cəmiyyətdə artıq vərdiş halı aldığı əsas gətirilib.

Sevindirici haldır ki, əhali tərəfindən problemin həll olunması dəstəklənir. Plastik tullantıların ətraf mühitə verdiyi ziyan barəsində hər kəs məlumatlıdır. Bununla yanaşı, bu məhsullar tez alışır və yanma zamanı atmosferə zərərli maddələr atılır. Bu da insan sağlamlığı üçün bir sıra risklər yaradır. Ən çox təhlükə yaradan nazik, qalınlığı 20 mikrondan aşağı olan və əhali arasında “pinqvin” adlandırılan polietilen paketlərdir. Bu paketlər həddindən çox istifadə olunur. Hər kəs bilməlidir ki, bu məhsulların məişətdə istifadəsi rahat olsa da, həm sağlamlığa, həm də ətraf mühitə ziyanı böyükdür. Gündəlik məişətdə onların alternativlərini-şüşə qablar, üzəri emalla örtülmüş saxlama qablarını istifadə edə bilərik. Marketlərdə isə parça və ya kağız torbalardan istifadəyə üstünlük verilməlidir”.

Sonra nazirliyin sektor müdiri Mehman Nəbiyev çıxış edərək hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağan olunması istiqamətində bir sıra tədbirlər görüldüyünü diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, əsas tədbir kimi ya plastik paketlər ödənişli olur, ya da ekoloji vergi tətbiqindən istifadə edilir. Bununla yanaşı, kağız, pambıq, kətan torbalardan istifadə edilməsinin təşviqi də görülən tədbirlər sırasındadır.

“Qalınlığı 50 mikrondan az olan plastik torbalar dünyada, o cümlədən Azərbaycanda istehlak edilən həmin məhsulların mühüm bir hissəsini təşkil edir. Onlar nisbətən qalın plastik torbalarla müqayisədə daha az təkrar istifadə olunmaqla yanaşı, ətraf mühitin çirklənməsində böyük rol oynayır. Kommersiya baxımından cəlbedici olsa da, yüngülçəkili plastik torbaların bioloji çürüməyə qarşı davamlı olması və təbiətdə yığılıb qalması onların ətraf mühitdə miqdarının sürətlə artmasına səbəb olur. Qısamüddətli istifadədən sonra tullantıya çevrilən plastik torbalar təbiətdə yüz illər ərzində hissələrə parçalanmış formada qala bilir. Belə torbaların olduqca yüksək və hələ də artan sürətlə istifadəsi arzuedilməz hesab edilir.

Region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilər və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub. Gürcüstanda isə qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışına icazə verilmir”,-deyə M.Nəbiyev qeyd edib.

Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində görülən tədbirlər barəsində məlumat verən sektor müdiri deyib: “Ölkəmizdə də geniş istifadə olunan plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanılıb. Bununla bağlı müvafiq istehsalçılarla görüş keçirilib. Onlar tərəfindən təqdim olunan təkliflərə baxılacaq.

Problemin aktuallığını nəzərə alaraq plastik qablaşdırma tullantılarının idarə olunmasının yaxşılaşdırılması, bu tullantıların toplanması işlərinin düzgün təşkili və təbliği məqsədilə nazirliyin təşəbbüsü ilə başlanılan maarifləndirmə tədbirləri hazırda davam edir. Məlumdur ki, həmin tullantıların digərlərindən ayrıca toplanması üçün ölkə üzrə xüsusi konteynerlər yerləşdirilir. Hazırda 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner quraşdırılıb. Sevindirici haldır ki, artıq yerli icra hakimiyyəti orqanları, mənzil kommunal təsərrüfatı birliyi idarələri, bələdiyyələr, yerli sahibkarlar, iri sənaye müəssisələri də bu təşəbbüsə dəstək verməyə başlayıb. Təşəbbüsün ilkin mərhələsində məqsədimiz bu addımın digər aidiyyəti qurumlar tərəfindən də davam etdirilməsi olub”.

Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bu qurumun xidməti ərazisində plastik və polietilen tullantıların toplanması üçün 43 konteynerin quraşdırıldığını diqqətə çatdırıb. İdarənin xidməti ərazilərindən Salyanda 10, Neftçalada 13, Saatlıda 3, Hacıqabulda 4, Şirvan şəhərində 9, Sabirabad və İmişlidə isə 2 konteyner yerləşdirilib.

Sonra tədbirdə kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.