CƏMİYYƏT
“Təmiz hava” aylığı çərçivəsində 160 avtomobilin sürücüsünə protokol tərtib edilib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 1-dən 4-dək “Təmiz hava” aylığı çərçivəsində “Ekologiya postu”nda 160 avtomobilin sürücüsünə protokol tərtib edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, təkcə avqustun 4-də səhər saatlarından günortaya qədər “Təmiz hava” aylığı çərçivəsində 100-dən çox nəqliyyat vasitəsinə baxış keçirilib. Saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.
Xatırladaq ki, avqustun 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirilir. Aylığın keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.