CƏMİYYƏT
“Təmiz hava” aylığı çərçivəsində növbəti reyd keçirilmişdir VİDEO
Bakı, 26 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqustun 1-dən 31-dək ölkədə “Təmiz hava” aylığı keçirir.
AZƏRTAC xəbər verir ki, avqustun 26-da “Təmiz hava” aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin avtobus qarajında birgə reyd keçirmişlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov demişdir ki, bu gün keçirilən tədbir zamanı qarajda olan sərnişin avtobusları müasir texniki vasitələrlə reysqabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcəkdir. Yalnız bundan sonra həmin avtobusların yol hərəkətində istismarına qərar veriləcəkdir. Yəni, mühərrikində normadan artıq dəm qazı olan avtobusun yol hərəkətində istismarına tərəfimizdən qadağa qoyulacaqdır. Həmin avtobus saz vəziyyətə gətirildikdən sonra xəttə buraxılacaqdır.
V.Əsədov demişdir ki, avqustun 1-dən bu günədək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 17-dək müəssisədə yoxlamalar aparmış, 3000 mindən artıq nəqliyyat vasitəsinə baxış keçirilmiş, 200-ə yaxın avtomobil sürücüsünə inzibati qaydada protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında hər bir avtomobil sürücüsü 150 manat məbləğində cərimə edilmişdir.
ARDNŞ-in təhlükəsizlik idarəsinin qaraj rəisi Rəhim Kərimov, ekologiya idarəsinin ekoloji ölçmə mərkəzinin nümayəndəsi Coşqun Bərxudarov və “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov aylıq çərçivəsində görülən işlərdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan Respublikasında “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində müəyyən tədbirlər görülür.
Qeyd olunmuşdur ki, nəqliyyat vasitələrinin zərərli qazlarının miqdarının azaldılması məqsədi ilə bir sıra tədbirlər görülür. Müayinələr zamanı mövcud normalara uyğun gəlməyən nəqliyyat vasitələri yenidən texniki baxışdan keçirilir və problemlər aradan qaldırılır.
Sonra qarajda olan sərnişin avtobusları müasir texniki cihazlar vasitəsilə reysqabağı yoxlanılmış və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilmişdir.
Keçirilmiş yoxlamaların nəticələrinə əsasən, mühərriklərində normadan artıq zərərli maddələr olan 3 avtobus yol hərəkətindən kənarlaşdırılmışdır.