REGİONLAR
Təmiz səhər üçün qaranlıqda çalışanlar - REPORTAJ VİDEO
Göyçay, 20 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Biz gecələr yatarkən, onlar oyaq olur. Gecə saatlarında işləyirlər ki, insanlar təmiz səhərə, təmiz şəhərə oyansınlar. Söhbət küçələrin təmizliyinə baxan işçilərdən gedir.
AZƏRTAC-ın əməkdaşı Göyçay şəhərində təmizlik işçiləri ilə görüşüb, onlarla söhbət edib.
Əqrəblər sıfırların üzərində cəmləşən ərəfələrdə rayon sakinlərinin hərəkəti seyrəlməyə başlayır. Ara-sıra şütüyən avtomobillərdən başqa, demək olar ki, küçələrdə kimləsə rastlaşmaq olmur. “Gecə yuxusu şirindir” – deyirlər, amma bu xanımlar gecə saatlarında da şəhərin təmizliyinin keşiyini çəkirlər.
Həmsöhbət olduğumuz təmizlik işçisi Xalisə İsgəndərova əslən İsmayıllıdan olsa da, uzun müddətdir Göyçayda yaşayır və burada çalışır. Qazancını təmizlik işləri ilə əldə edən Xalisə hər gün evdən çıxaraq şəhərin təmiz olması üçün küçə və prospektlərə, park və xiyabanlara üz tutur. Deyir ki, bir çox qadın bu peşəyə sahib olmaqdan utansa da, burada xəcalət çəkiləsi bir şey yoxdur. Zəhmət tələb edən peşədir. “Adam ondan utanar ki, o iş oğurluq olsun, pis yola düşmək olsun. Əksinə, mən utanmıram, zövq alıram ki, halal zəhmətlə pul qazanıram”, - deyir Xalisə İsgənədərova.
Göyçayın küçə və prospektlərinin təmiz olmasında Lətifə Həmidovanın da rolu az deyil. Digər həmkarları ilə bərabər ilin bütün fəsillərində gecə saatlarında iş başında olan müsahibimiz deyir ki, bəzən elə olur, gündüz saatlarında da ərazini yenidən təmizləməyə ehtiyac yaranır. Bu zəhmətkeş insanlar haqlı olaraq bəzən əziyyətlərinin hədər getməsindən də gileylənirlər. Onlar sakinləri küçələrin təmizliyinə riayət etməyə çağırırlar.
Lətifə Həmidova bildirir ki, işə gələn kimi əraziyə çıxır: “Hər kəsin öz ərazisi var. İşimiz çətindir. Küləkli vaxtlar olanda daha çox işləyirik. Çünki ətrafa yarpaqlar tökülür, biz isə ərazini təmiz saxlamalıyıq”.
Digər rayon sakini Əminə Həşimova da ailəsini küçə süpürməklə dolandırır. Bir neçə ildir bu işlə məşğul olan müsahibimiz deyir ki, bəzi həmkarlarından fərqli olaraq işə yeni başlayanda kompleksi olub. Amma vaxt keçdikcə bu peşəni sevməyə başlayıb. “Bəlkə də bir çox qadın istəməz ki, küçə süpürsün. Amma bu da bir peşədir, şəhərimizin təmizliyini qoruyuruq”, - deyən Əminə bildirir ki, onları narahat edən məsələ insanların küçələri bilərəkdən zibilləməsidir. Park ərazisində kifayət qədər zibil qabları olsa da, təəssüf ki, yaşından asılı olmayaraq vətəndaşlar tullantıları qablara deyil, park ərazisinə atırlar. Bu isə həm şəhərin təmizliyini korlayır, həm də onların işini artırır.
Beləcə, reportaj hazırlamaq üçün bir gecə oyaq qaldıq. Onlar isə hər gecə oyaq qalır, şəhərimizin təmizliyini qoruyurlar. Gəlin, biz də bu işdə onlara kömək edək, məişət tullantılarını hara gəldi yox, zibil qutularına ataq, ətrafı çirkləndirməyək.