CƏMİYYƏT
Təmizləyici qurğu quraşdırmayan obyektlərin bağlanması üçün məhkəməyə müraciət edilib
Bakı, 22 noyabr, AZƏRTAC
Təmizləyici qurğu quraşdırmayan 20 iaşə obyektinin bağlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən məhkəməyə müraciət edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin əməkdaşı Faiq Mütəllimov məlumat verib.
ETSN rəsmisi bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə nazirlik tərəfindən verilən vaxtdan altı ay keçib. Lakin bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. Monitorinqlərə başlanıldığı vaxtdan indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub. Cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır. O, həmçinin deyib: “İyirmi iaşə obyektinin - “Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və s. bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin –“Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq iaşə obyektlərinin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək. Bundan başqa, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməyə davam edərək əhalinin haqlı narazılığına səbəb olan iaşə obyektləri cərimələnməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, barələrində daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılacaq”.