CƏMİYYƏT


Temperatur yüksəlibsə...

Bakı, 5 dekabr, AZƏRTAC

Xəstəlik zamanı insan yüksək hərarətdən əziyyət çəkir. İstənilən temperatur dəyişikliyi orqanizmdə hansısa iltihabi prosesin başlandığından xəbər verir. Mütəxəssislər bildirirlər ki, ümumiyyətlə, normal bədən temperaturu 36,6 dərəcə hesab olunur. Gün ərzində aktiv hərəkət hərarətin həmin normadan bir qədər kənara çıxmasına səbəb ola bilər, lakin bəzi hallarda bədən hərarətinin daim normadan aşağı və yuxarı olan insanlar da var. Onların bir çoxu bədən hərarətinin fərqli olmasından təşvişə düşür.

Paytaxtdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, əgər müayinə zamanı heç bir xəstəlik aşkar olunmayıbsa, narahatlığa əsas yoxdur: "Bəzən temperaturun aşağı olması, bəzən 37 dərəcəyə qədər olması müşahidə edilir. Əgər heç bir şikayət yoxdursa, qanın ümumi analizində heç bir dəyişiklik baş verməyibsə, mərkəzi sinir sistemində patoloji hal yoxdursa, bu, orqanizmin fizioloji halı kimi dəyərləndirilə bilər".

Onun dediyinə görə, istənilən halda tibbi müayinə vacibdir, çünki bəzi hallarda temperaturun normadan fərqli olması bir çox xəstəliklərdən xəbər verə bilər: "Xəstə virus infeksiyası keçiribsə, öskürək varsa, bədən temperaturu 35,6, 36,0, 36,2-dən yuxarı qalxmır və bakterial infeksiya göstəriciləri yüksəkdirsə, bu, artıq orqanizmin mübarizə apara bilməməsi deməkdir. Temperaturun patoloji olaraq 37,0 və 37,5 dərəcə olması hər hansı xroniki infeksion və ya autoimmun xəstəliyin göstəricisi ola bilər".

Bədən hərarəti ağız boşluğu, qoltuqaltı və düz bağırsaqda ölçülə bilər və bu zaman göstəricilərdə 1 dərəcə fərq olur. Həkim-terapevt onu da qeyd edib ki, sağlam insan bədənində ən yüksək temperatur saat 18-dən sonra, ən minimum temperatur isə gecə saat 3-də olur. Həkim qeyd edib ki, hər kəsin öz normal bədən hərarətini bilməsi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçəndən sonra sakit vəziyyətdə ölçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.