İDMAN
Təmsilçilərimiz İtaliyada şəhadətnamə və sertifikatla mükafatlanmışlar
Bakı, 1 iyul (AZƏRTAC). İtaliyanın Turin şəhərində İtaliya Kapoeyra Federasiyası tərəfindən beynəlxalq turnir, seminar və batizado-dan (kəmər imtahanı) keçirilmişdir.
Azərbaycan Kapoeyra Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, federasiyasının üç üzvü Elvin Şahbazov, Vüsal Babayev və Elmar Bayramov Turində olmuşlar.
İtaliya Kapoeyra Federasiyanın prezidenti Master Tiziu yarışa Azərbaycan Federasiyasının nümayəndələri ilə yanaşı 2 master (mestre Selinyu, mestre Elektrisistu), 1 grandmaster (grand-mestre Canela), bir contra-master (contra-mestre James) dəvət etmişdir. İtaliya Kapoeyra Federasiyanın təşkil etdiyi seminar xaricdən dəvət olunmuş məşqçilərin peşəkarlığını artırmaq xarakteri daşıyırdı. Azərbaycan Kapoeyra Federasiyasının üzvləri bütün seminarda fəal iştirak etmişlər. Belə ki, seminarın sonuncu günü təlimatçılar Elvin Şahbazov, Vüsal Babayev şəhadətnamə, federasiyanın texniki direktoru Elmar Bayramov sertifikatla mükafatlanmışdır.