CƏMİYYƏT


Tənha ahıllar üçün tibbi müayinələr təşkil olunub

Bakı, 30 sentyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. 2 gün davam edən aksiya müddətində icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan müayinələrə 75 nəfər cəlb olunub.

Ahıl şəxslərin ümumi vəziyyətlərinin dəyərləndirilməsi üçün laborator analizlər keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D vitaminin səviyyəsini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.

Aksiya çərçivəsində ixtisaslı həkimlər - həkim-kardioloq, həkim-endokrinoloq, həkim-nevroloq, həkim-cərrah, həkim-travmatoloq - tərəfindən də diaqnostik müayinələr aparılıb. 36 nəfər exokardioqrafiya (EXO), 50 nəfər isə elektrokardioqramma (EKQ) müayinələrindən keçib.

Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması istiqamətində analoji tədbirlərin agentlik tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.