DÜNYA
Tennessi ştatında UPS anbarından 400-ə yaxın silah oğurlanıb
Vaşinqton, 2 oktyabr, AZƏRTAC
Tennessi ştatındakı Memfis şəhərində poçt bağlamalarının təcili çatdırılması şirkətinin (United Parcel Service - UPS) anbarından təqribən 400 vahid odlu silah oğurlanıb. AZƏRTAC xəbər verir ki, Memfis şəhər administrasiyası bu oğurluğun şəhərdə və ətraf rayonlarda ictimai təhlükəsizliyə mənfi təsir göstərə biləcəyindən narahatdır.
Alkoqollu içkilərin, tütün məmulatının, odlu silahın və partladıcı materialların dövriyyəsinə nəzarət agentliyinin (ATF) nümayəndələri bildiriblər ki, silah oğurlamaqda şübhəli bilinən 2 nəfər UPS anbarının bölməsinə icarəyə götürdükləri U-Haul yük maşınında gəliblər. Agentlik ictimaiyyətə müraciət edərək bu şəxslərin axtarışına kömək etmələrini xahiş edib və şübhəli şəxslərin həbs edilərək mühakimə olunmasına imkan yaradacaq məlumat müqabilində 5000 dollar mükafat təklif edib.
Müstəntiqlər oğurluğun təfsilatını təhqiq edirlər. Oğurlanmış silahın dəqiq miqdarı da hələ göstərilməyib. Lakin agentliyin nümayəndəsi Maykl Naytın sözlərinə görə, təxmini məlumatlar belə güman etməyə əsas verir ki, bu, ATF tərəfindən təhqiq olunan ən iri oğurluqlardan biridir.
Hazırda ATF və Memfis polisi bu silahın haradan və haraya göndərildiyini müəyyən etmək üçün müvafiq sənədləri araşdırır.
Başqa iri meqapolislər kimi Memfis də zorakı, o cümlədən silahla əlaqədar cinayətlərlə bağlı problemlərlə tez-tez üzləşir. Memfis şəhərində və onun ətraf rayonlarında 1,3 milyondan çox insan yaşayır. Federal Təhqiqatlar Bürosunun statistik məlumatlarına görə, 2017-ci ildə bu ərazidə zorakılıqla bağlı 15737 cinayət törədilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton