İDMAN
Tennis yarışlarının yeddinci günündə fərdi mübarizədə səkkizdəbir final qarşılaşmaları keçirilib
Bakı, 18 may, Elvin Camalov, AZƏRTAC
Mayın 18-də İslamiadanın tennis yarışlarının yeddinci günündə kişilər və qadınlar arasında fərdi və cütlüklərin mübarizəsində səkkizdəbir və dörddəbir final mərhələlərinin görüşləri başlayıb.
AZƏRTAC xəbər verir ki, gün ərzində ümumilikdə 11 görüş oynanılıb. Həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin dörd oyunu keçirilib. Kişi cütlüklərin yarışında iki, qadınlarda isə bir oyun baş tutub.
Qadın tennisçilərin yarışında səkkizdəbir finalda mübarizə aparan idmançımız Amina Dik Özbəkistan təmsilçisi Komola Umarovaya hər iki setdə məğlub olub - 0:6, 0:6. Özbəkistanlı tennisçi adını dörddəbir finala yazdırıb.
Oman təmsilçisi Fatma Al Nabhani dörddəbir finala vəsiqəni Türkmənistan idmançısı Anastasiya Prenko üzərində inamlı qələbə (6:3 və 6:0) qazanaraq təmin edib.
Malayziya təmsilçisi Selva Racu Teiviya səkkizdəbir finalda pakistanlı Suhail Uşnanı məğlub edərək (6:2, 5:7, 6:1) növbəti mərhələyə yüksəlib.
Digər görüşdə isə İran təmsilçisi Sədəf Sadeqvəzirini 6:1 və 6:3 hesabı ilə mübarizədən kənarlaşdıran Türkiyə tennisçisi Ayla Aksu dörddəbir finala adlayıb.
Kişilərin yarışında isə Özbəkistan təmsilçisi Sergey Fomin səkkizdəbir finalda türkmənistanlı Yuri Roqusskini məğlub edərək (6:2, 6:1) dörddəbir finala yüksəlib.
Digər görüşdə isə Benin təmsilçisi Maqloire Yakpanı 6:3 və 6:2 hesabı ilə mübarizədən kənarlaşdıran Uqanda tennisçisi Dunkan Muqabe növbəti mərhələyə adlayıb.
Dörddəbir final mərhələsinə yüksələn növbəti kişi idmançı Mərakeş təmsilçisi Amin Ahuda olub. O, dörddəbir finala vəsiqəni Səudiyyə Ərəbistanı idmançısı Fahad Al Saad üzərində inamlı qələbə (6:0 və 6:3) sayəsində təmin edib.
Türkiyə təmsilçisi Altuğ Çelikbilek səkkizdəbir finalda Nadaf Siçani Hamidreza (İran) üzərində qələbə qazanaraq (7:5, 6:3) dörddəbir finala yüksəlib.
Qadın cütlüklərin yarışında Qazal Pakbaten-Sədəf Sadeqvəziri dueti (İran) Anastasiya Prenko-Cahan Bayramova (Türkmənistan) ilə görüşdə qələbə qazanaraq (6:4, 7:5) yarımfinala yüksəlib.
Kişi cütlüklərin mübarizəsində isə Amal Sultanbekov-Saidalo Saidkərimov cütlüyü (Özbəkistan) Zayid Mübarək Şannan-Zayed Musa Şannan (Qətər) üzərində qələbə qazanaraq (6:2, 5:7, taybrekdə 10:6) yarımfinala vəsiqəni təmin edib.
Digər görüşdə isə Abid Məhəmməd-Aqil Xan dueti (Pakistan) Merzuki Məhəmməd Əssar-Abdul Razak Əhməd (Malayziya) cütlüyünə (0:6, 3:6) məğlub olaraq yarımfinala çıxmaq şansını itirib.
Qadınların fərdi yarışında dörddəbir final mərhələsinin digər iştirakçıları mayın 19-da müəyyənləşəcək.
“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.