ELM VƏ TƏHSİL


Təranə Şükürlü: Zəngilanda aparılan tikinti-quruculuq işləri Azərbaycanın gücünü göstərir

Bakı, 23 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Əslən Zəngilandan olan AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu səfəri işğaldan azad edilmiş Zəngilanın tarixində yeni səhifələr açır. Həmin səfəri Zəngilan sakinləri sevinc hissi ilə, razılıqla qarşıladılar. Uşaqlıq xatirələrimiz, Oxçuçay, Süsən meşəsi gözümüz önündə canlandı, o torpağa dönmək arzusu ürəklərimizi duyğulandırdı.

Azad Zəngilanda keçirilən görüş bizim üçün qürurvericidir. Azərbaycan dövlətinin nə qədər böyük bir iş gördüyünə heyrətlənirsən. Həmin görüşdə Zəngilanın ruhunu diri gördük. Qarabağın dirçəlişini Azərbaycan Prezidentinin çıxışından da eşitdik.

Zəngilanda ilk “Ağıllı kənd” və “Ağıllı məktəb”in yaradılması insana başqa fəxarət duyğusu yaşadır. Bu gün Zəngilan özünəqayıdış dönəmini yaşayır. Otuz illik əsarətdən qurtularaq canlanır, real həyata qayıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq və azad edilmiş torpaqlarda ikinci hava limanı olacaq.

Məlumdur ki, işğala məruz qalmış bütün rayonlarda olduğu kimi, Zəngilanda da tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, sökülüb. Görüşdə məscidlərin, tarixi və dini abidələrin yenidən qurulmasına xüsusi diqqət yetirilməsi hər bir zəngilanlının ürəyincə oldu.

Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət Təbiət Qoruğu uzun illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. Qoruğun flora və faunasına ciddi ziyan dəyib. Bu gün Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaq.

Zəngilanda aparılan tikinti-quruculuq işləri Azərbaycanın gücünü göstərir. Qısa müddət ərzində Prezident İlham Əliyevin Zəngilana səfərləri göstərir ki, bu rayon özünün yeni inkişaf mərhələsinə başlayır. Bu səfərlər Zəngilana yeni həyatın gətirilməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.