ELM VƏ TƏHSİL
Tərbiyəçi-müəllim ixtisasına daxil olan modullarla bağlı dərs vəsaiti hazırlanıb
Bakı, 20 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi üzrə növbəti dərs vəsaiti hazırlanıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, vəsaitdə tərbiyəçi-müəllim (məktəbəqədər) ixtisasına daxil olan “Ailələrlə işin həyata keçirilməsi” modulunda uşağın inkişafı və sağlamlığını dəstəkləmək üçün ailələrlə əməkdaşlığın əhəmiyyəti və ən səmərəli əməkdaşlıq metodları haqqında məlumat verilib. Həmçinin istər ev, istərsə də bağça və ya məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafını dəstəkləyən mühitin yaradılması ilə bağlı müəyyən tövsiyələr qeyd olunub. Modul bir təlim nəticəsi və beş qiymətləndirmə meyarından ibarətdir.
İxtisasa daxil olan “Gündəlik xidmətlərin həyata keçirilməsi” modulunda uşağa sağlamlıq vəziyyətinə uyğun olaraq mədəni-gigiyenik vərdişlərin aşılanması, onun gündəlik rejiminin düzgün şəkildə təşkil olunmasının yolları göstərilib. Modul 2 təlim nəticəsindən ibarətdir və hər bir təlim üzrə qiymətləndirmə meyarlarının məzmunu dərs vəsaitində açıqlanıb.
“İnkişafetdirici, dəstəkləyici və təhlükəsiz mühitin yaradılması” hesab olunan 3-cü modulda 2 təlim nəticəsi və qiymətləndirmə meyarları qeyd olunub. Bu modulu tamamlayan tələbə təlim nəticələrinə uyğun olaraq inkişafetdirici, dəstəkləyici mühit yaratmaq və həmçinin bu mühitdə təhlükəsizlik baxımından da düzgün davranış qaydalarını müəyyən etmək qabiliyyətinə malik olacaq. İstənilən mühitin yaradılmasında əsas məqsəd uşaqların inkişafını, fiziki və əqli sağlamlığının qorunmasını təmin etməkdir.
Bu ixtisasda sonuncu modul hesab olunan “Təlim-tərbiyə və inkişaf prosesinin həyata keçirilməsi”ndə uşaqların inkişafının 4 əsas istiqamətinin vacibliyi və səmərəliliyi diqqətə çatdırılıb: fiziki, idraki, sosial-emosional və estetik yaradıcı inkişaf. Modulda fiziki inkişafın metodları, həmçinin idrak fəallığını formalaşdıran müxtəlif oyunların təşkili qaydaları öz əksini tapıb.