MƏDƏNİYYƏT


Tərəfdaşlar Forumu plenar iclasla işini davam etdirib

Növbəti plenar iclas “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunub

Bakı, 2 dekabr, AZƏRTAC

“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) çərçivəsində növbəti plenar iclas “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel iclası “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Basın moderatorluğu ilə keçib. J.Bas sülh cəmiyyəti üçün vacib konsepsiyaların bu plenarda müzakirə edildiyinə diqqət çəkərək müzakirələrin yaşadığımız keşməkeşli dünyada vacibliyini vurğulayıb: “Dünyada baş verən qarışıq hadisələr bizi forumda səslənən müzakirələrə yaxından iştiraka sövq edir. Beynəlxalq səviyyədə artıq risklər var. İkiqütblü dünyaya yenidən qərqolma təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Bu problem ona görə bu gün də aktualdır. Bu gün dünya kifayət qədər qütbləşib”.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. O, xarici işlər naziri Ceyhun Bayramovun adından qonaqları salamlayaraq deyib: “Dayanıqlı sülh necə formalaşır? Əfsuslar olsun ki, Ermənistanla son 30 ildə aparılan danışıqlar özünü doğrultmayıb. Digər tərəflə qarşılıqlı ünsiyyət çox önəmlidir. Ölkəmizdə yüzilliklərdir sülh və əmin-amanlıq şəraitində yaşayan milli azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyev təşəbbüsü ilə “Bakı Prosesi”nə başlanılmışdı. İllər boyunca bu əsas platforma kimi müxtəliflik və tolerantlıq, fərqli inanclar təbliğ olunur. 2017-ci ildə BMT-nin baş katibi "Bakı Prosesi"ni dünyada bu məqsədlə yaradılmış əsas platforma kimi dəyərləndirib. Son 13 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki ildən bir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu da təşkil edilir. Bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Nizaminin əsərlərində sülh və tolerantlıq kimi ideyalar tərənnüm olunur. Budur bizi həvəsləndirən. Biz burada Azərbaycan olaraq özümüzü güclü, qüdrətli görürük. Bu ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün mədəniyyətlərin irəli getməsi üçün əsas şərtdir. Bu, imtiyaz deyil, hüquqdur, haqdır”, - deyə nazir müavini deyib.

Panel iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq Nazirliyinin baş direktoru Elfa Məhəmməd Əl-Sabiri bildirib ki, dinlərarası dialoq bütün dünyada cəmiyyətləri bir araya gətirir: “BƏƏ bütün dinlərə və mədəniyyətlərə qapı açır. Biz mədəni müxtəlifliyə töhfə verən ölkə olaraq bir-birimizin təcrübəsindən yararlanaraq bütün dünyaya öz ideyalarımızı bəyan etməliyik. Mütərəqqi dəyərlər paylaşılmalıdır. Bütün insanlarda xoş gələcəyə inam yaratmalıyıq. Tolerantlığı başqa ölkələrə də təşviq etməliyik. Yekunda qeyd edim ki, tolerantlıq və sülh naminə güclərimizi birləşdirməliyik”.

İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa qeyd edib ki, bu gün dünyamız böyük aşınmalar yaşayır. “Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat və dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Mədəniyyət sivilizasiyası daha toplumsal bir anlamdır. Sülhün gerçəkləməsi üçün bir barış mədəniyyəti lazımdır. Bunun üçün dini, əxlaqi və insani dəyərlərimiz yetər. Sivilizasiya sözü İslamda X ərdə, Qərbdə isə XVII- XVIII əsrdə işlənilir”, - deyə B.Karlığa söyləyib.

“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonzalez forumu zamanında keçirilən layihə adlandırıb və hədəfə çatacağına əminliyini ifadə edib. Azərbaycan öz tarixi və mədəni irsini qorumaqla BMT xartiyasına əməl edir. İcraçı direktor forumun qarşıya qoyduğu ideyaları dəstəklədiyini və onun işinə uğurlar arzulayıb.

Ümumdünya Kilsələr Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının direktoru Piter Prov qeyd edib ki, dinlərin rolu bəzən çox mühümdür. Birgəyaşayışda dinlərarası, əməkdaşlıq önəmli məsələdir. Azərbaycan bu işdə nümunədir. Ölkələrdə gənclərdə sabaha inamı sülh və təhsil yaradır. Təhsil çox önəmli bir amildir. O, konkret olaraq gələcəyin qarantıdır. Sülhə çağırış, dini mənsubiyyətdən asılı olmayaraq bərabər olmalıdır. Biz insanların səsini beynəlxalq cəmiyyətə çatdırmalıyıq. Mədəni müxtəliflik bizə bəxş edilən qiymətsiz hədiyyədir və biz bunu dəyərləndirib təşəbbüsləri dəstəkləməliyik.

Koventri Universitetinin professoru Mayk Hardi videomüraciətlə forumla bağlı düşüncələrini bölüşərək bildirib ki, biz sülh cəmiyyətinin dayanıqlı olaraq inkişafından danışırıqsa, onu təmin etməyin yollarını, təşəbbüsləri də dəstəkləməliyik.

Məruzələrdən sonra plenar iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.