Tərəkəmə mətbəxi: ən əziz qonaqlar üçün hazırlanan bağır-beyin VİDEO
AzerTAg.az
Beyləqan, 4 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan milli mətbəxinin unudulmaqda olan yeməklərindən biri bağır-beyindir. Ölkəmizdə əsasən heyvandarlıqla məşğul olan əhalinin bişirdiyi bağır-beyin qədim zamanlardan Qarabağ camaatının, xüsusən də tərəkəmələrin çox məşhur yeməklərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri Beyləqan rayonunun Yeni Mil qəsəbəsində Kamranovlar ailəsinin qonağı olub, bağır-beynin hazırlanması ilə maraqlanıb.
Bağır-beyin tərəkəmələrin ən əziz qonaqlar üçün hazırladıqları yeməklərdəndir. Bu yemək keçmişdə hörmətli qonaqlar, bəylər üçün bişirilərdi. Əgər quzu kəsilib bişirilirdisə, mütləq bağır-beyin də hazırlanmalı idi. Bağır-beyin süfrəyə boşqabda verilir, yuxa ilə yeyilir. Çox qüvvətli, kalorili yeməkdir. Tərəkəmələr yenə də əziz qonaqları üçün bağır-beyin bişirir, bu ənənəni yaşadırlar.
Bağır-beyinin hazırlanma qaydasından danışan Xanım Kamranova deyib ki, bu yeməyi bişirərkən iri quyruqlu quzudan istifadə olunur: “Quzunun başının dərisi soyulur, qaynadılır, beyni çıxarılır. Qara ciyər və quyruq da ayrı-ayrılıqda qaynadılır. Qaynanmış quyruq və qara ciyər əllə əzilərək bir-biri ilə qarışdırılır. Sonra isə ona bişmiş beyin də əlavə olunur. Üzərinə duz, istiot vurularaq soyuq halda süfrəyə verilir. Yeməyin bağır-beyin adlandırılması da onun ciyər və beyindən hazırlanması ilə bağlıdır”.
Qeyd edək ki, bağır-beyin süfrəyə quzu ətindən hazırlanmış isti yeməklərlə birlikdə soyuq halda verilir.







Xəbərin mətnində orfoqrafik səhv var