DÜNYA
Tereza Mey yeni hökumət qurmaq üçün koalisiya yaratmaq məcburiyyətində qala bilər
Bakı, 9 iyun, AZƏRTAC
Britaniyanın Baş naziri Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin ilkin nəticələrinə görə öndədir. Seçicilərin 42,4 faiz səsini qazanan mühafizəkarlar hələlik 309 deputat yerinə sahibdir. Əvvəlki parlamentdə 330 deputatla təkbaşına hökumət quran Mühafizəkarlar Partiyası “exit-poll”un nəticələrinə bu dəfə 318 deputat yerinə sahib ola biləcək. Təkbaşına hökumət qurmaq istəyən partiyanın 326 deputat yerinə malik olmalı olduğunu nəzərə alsaq, Mey iqtidarının seçkilərdən güclənərək çıxmaq arzusunun reallaşmayacağını demək mümkündür. Ona görə də, Tereza Mey yeni hökumət qurmaq üçün koalisiya yaratmaq məcburiyyətində qala bilər.
Ceremi Korbinin rəhbərlik etdiyi Leyboristlər Partiyası mühafizəkarların ən ciddi rəqibidir. İndiki nəticələrə görə, leyboristlər 40,3 faiz səs toplayaraq 258 deputat yerinə malikdir. Bundan öncəki parlamentdə bu partiya 232 deputatla təmsil olunurdu.
Sonrakı yerlədə isə 7,1 faizlə (12 deputat) liberal demokratlar, 3,1 faizlə (34 deputat) Şotlandiya Milli Partiyası və 0,9 faiz səslə (10 deputat) Mərkəzi Demokratik Birlik Partiyası gəlir.
Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində “exit poll”un nəticələrinə görə, Mühafizəkarlar Partiyası parlamentdə 318 yerə sahib çıxıb. Leyboristlər isə 267 yer əldə edib. Sonrakı yerləri Şotlandiya Milli Partiyası (32 yer), Liberal Demokrat Partiyası (11 yer) və digərləri tutur.