DÜNYA
Tereza Meyi dəstəkləyənlərin sayı 85 faizdən 57 faizə enib
Bakı, 16 iyun, AZƏRTAC
Leyboristlərin lideri Ceremi Korbinin yüksələn populyarlığı fonunda Böyük Britaniyanın Baş naziri Tereza Meyin reytinqi son aylar və həftələrdə xeyli aşağı düşüb. Bu göstərici YouGov kompaniyasının keçirdiyi ictimai rəy sorğusunun nəticələrində də əksini tapıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqat seçki kampaniyasının və seçkilərin nəticələrinin Mey və onun mühafizəkarlar partiyasının imicinə mənfi təsir etdiyini və eyni zamanda, Korbinin və müxalifətdəki Leyboristlər Partiyasının populyarlığını artırdığını göstərir.
“Nəticələr aydın şəkildə göstərir ki, Baş nazir elektoratının böyük əksəriyyətini ondan üz çevirməyə məcbur edib”, - YouGov kompaniyasının məlumatında belə deyilir. Hələ aprel ayında Mühafizəkarlar Partiyası tərəfdarlarının 85 faizi Meyi dəstəkləyirdi, iyunun ortalarında isə bu göstərici 57 faizə qədər aşağı enib. Həmin dövr ərzində Korbinin dəstəyi 40 faizdən 75 faizə qalxıb.
Xatırladaq ki, iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar ötən heyətlə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə biliblər. Onlara parlamentdə tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.