İQTİSADİYYAT


Tərlan Əliyev: Bəzən gənc memarların layihə işlərində ciddi nöqsanlara da rast gəlinir

Bakı, 14 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 

Müstəqillik dövründə ölkəmizin sürətli inkişafı memarlıq sahəsində də böyük uğurlara yol açıb. Nəticə etibarı ilə respublikanın bütün regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikinti və şəhərsalma sahəsində nəhəng layihələr reallaşdırılıb, eyni zamanda, Bakıda dünya memarlığının inciləri sayılan binalar inşa edilib. Təbii ki, bu inkişafda gənc və istedadlı memarlarımızın da əməyi az deyil. Bununla yanaşı, təcrübəli memarların fikrincə, gənc həmkarlarının layihə işlərində bəzən ciddi nöqsanlara da rast gəlinir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyevin AZƏRTAC-a müsahibəsində bu məsələyə aydınlıq gətirilib.

“Bir memar və müəllim kimi bizim ən ümdə vəzifəmiz istedadlı gənc memarların üzə çıxarılmasıdır. Biz onların tanınmasına və yaradıcılıq imkanlarının genişləndirilməsinə şərait yaratmalıyıq. Qeyd etmək istəyirəm ki, bir çox gənc memar layihələrində kompüterdən istifadə edirlər. Təbii ki, kompüter insanı heç vaxt əvəz edə bilməz. Çünki kompüter insan beyninin məhsuludur. Kompüteri bilmək və onunla işləmək hələ memar olmaq demək deyil. Birinci növbədə memari biliklər lazımdır. İlkin olaraq, layihəyə əl ilə işləməklə başlanılır, kompüter isə sonrakı mərhələdir. Bundan başqa, nəzəriyyə ilə təcrübəni birləşdirmək, bir araya gətirməklə işləmək lazımdır. Birini digərsiz təsəvvür etmək mümkün deyil. Gənc memarlar bəzən buna ciddi əhəmiyyət vermirlər”, - deyə o bildirib.

Memar əlavə edib: “Gənc memarlar arasında müşahidə olunan mənfi cəhətlərdən biri də “ulduz xəstəliyi”nin geniş yayılmasıdır. Bu xəstəlik təkəbbürə, yanlışlığa gətirib çıxarır. Belə halda hansısa inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Bəzi gənc memarlar gözəlliyi önə çəkirlər və bununla da nizam pozulur. Memarlıqda gözəllik ən azından üçüncü yerdədir. Layihələndirilən memarlıq obyekti birinci növbədə dayanıqlı olmalı, insanlar orada özlərini təhlükəsiz bir yerdə hiss etməlidirlər. İkincisi isə memarlıq obyekti funksionallığı ilə seçilməli, təyinata cavab verməlidir ki, hansısa proseslər normal həyata keçirilsin. Sonda gözəl olmalıdır ki, insanların zövqünü oxşasın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.