ELM VƏ TƏHSİL
Terminologiyanın idarə olunması məsələləri araşdırılır
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda terminologiyanın idarə olunması məsələləri araşdırılır. Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda institutun əməkdaşı Səbinə Fomenko terminologiyanın idarə olunmasının strukturu, prosesləri, üstünlükləri və s. barədə məlumat verib. Məruzəçi qeyd edib ki, terminologiyanın idarə olunması terminlərin düzgün istifadəsini təmin edən hərəkətlər toplusudur. Hazırda terminologiya proqram təminatı ilə idarə olunur. S.Fomenko, həmçinin terminoloji məlumatların terminologiyanın verilənlər bazasında və ya terminoloji bazada saxlanıldığını bildirib. O, terminologiyanın idarə olunmasının üstünlüklərindən danışaraq onun təklif, yoxlama, təsvir, digər dillərin əlavə edilməsi, təsdiq, nəşr, yenilənmə proseslərindən ibarət olduğunu bildirib. S.Fomenko terminologiyanın idarə olunması strategiyasının mövcud olmamasının yaratdığı problemlərdən də söz açıb.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.