QAN YADDAŞI
“Terror bəşəriyyətin düşmənidir” mövzusunda konfrans keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti (DAXC), Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzi və “Güzgü” qəzetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş “Terror bəşəriyyətin düşmənidir” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
DAXC-nin sədri Səttar Zərdablı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlardan, terror aksiyalarından danışmışdır. Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayan S.Zərdablı Cənubi Qafqazda öz tarixi torpaqlarında etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, doğma yurdlarından deportasiya olunduğunu diqqətə çatdırmışdır.
“Xocalı soyqırımı-19” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəyli ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddialarından, Xocalı soyqırımının ağır nəticələrindən, hadisəni törədənlərin məkrli niyyətlərindən bəhs etmişdir. Ş.Səlimbəyli bu qırğına ilk dəfə hüquqi-siyasi qiymət verilməsində və onun dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
Dünya Azərbaycanlıları Konqresi (DAK) Ağsaqqallar Şurası sədrinin müavini Məhəmməd Teymurlu, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, “Tək səbir” qəzetinin redaktoru İsgəndər Etibar, DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli və başqaları Ermənistanın işğalçılıq siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş vəhşiliklərdən, bu şəhəri qoruyan döyüşçülərin qəhrəmanlıqlarından danışmışlar. Bildirilmişdir ki, soyqırımı nəticəsində yüzlərlə günahsız uşaq, qadın və qoca qanına qəltan edilmiş, girov götürülmüş, bir çox ailələr bütünlüklə məhv edilmişdir.