SİYASƏT


Terroru dövlət siyasətinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi müharibə cinayətlərinə görə ədalət mühakiməsinə cəlb edilməlidir

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Gəncədə törədilən qanlı terror aktı ilə bağlı 30 beynəlxalq və regional təşkilata müraciət ünvanlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların BMT-yə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, NATO-ya, ATƏT-ə, Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, ümumilikdə 30 beynəlxalq və regional təşkilata Ermənistanın oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının bölgə və beynəlxalq təhlükəsizliyi ciddi təhdid etdiyi diqqətə çatdırılır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 ildir kağız üzərində qaldığı vurğulanır. Bildirilir ki, bu qətnamənin şərtlərinə əməl etməyən Ermənistan militarist siyasət həyata keçirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır, atəşkəs razılaşmasını kobud şəkildə pozur, mülki əhaliyə qarşı hücumlar edir. Bu il sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Azərbaycanın böyük şəhərləri, mülki sənaye obyektləri ən müasir raketlərlə atəşə tutulub.

Ermənistanın silahlı qüvvələri sentyabrın 27-dən oktyabrın 17-dək döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, digər yaşayış məntəqələrini mütəmadi olaraq raket atəşinə tutaraq mülki əhaliyə qarşı müharibə cinayətləri törədib. Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşmasını da kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə “Elbrus” ballistik raketlərlə bombalayıb. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə edilən növbəti qəddar hücum nəticəsində 13 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 45-dən çox insan ağır yaralanıb. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.

Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınayan siyasi partiyalar terrorçu dövlətin cəzalandırılmasını tələb edirlər. Bildirirlər ki, Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər.

Müraciətdə qeyd olunur ki, mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Bu cinayətlərin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Siyasi partiyalar beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan xalqına qarşı yönəlmiş bu qeyri-insani hücumlarına göz yummağa çağırır və tələb edirlər ki, Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərinin və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmamaq üçün silah satışını dərhal dayandırmalıdır. Terroru dövlət siyasətinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə ədalət mühakiməsinə cəlb edilməlidir.

Müraciət Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya tərəfindən imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.