REGİONLAR
Tərtər Bölgə Təcrübə Stansiyası toxumçuluq təsərrüfatlarını və fermerləri yüksək reproduksiyalı toxumla təmin edir VİDEO
Tərtər, 29 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
Bölgə Təcrübə Stansiyasının direktor əvəzi Həqiqət Həşimova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.
Respublikada əkilib-becərilən yumşaq buğdanın “Zirvə 85”, “Tale 38”, “Qırmızı gül”, “Əzəmətli 95”, “Aran”, “Azəri”, “Murov 2”, “Əkinçi 84”, bərk buğdanın “Bərəkətli 95”, “Qarabağ”, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilərək həyata vəsiqə alıb.
Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası öyrənilir.
Toxumçuluq şöbəsinin işçiləri isə yumşaq buğdanın 10, bərk buğdanın 1, arpanın 2 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğuldurlar. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal edilir.
Bu ilin məhsulu üçün 306 hektarda toxumluq arpa və buğda sortları əkilib. Min tona yaxın məhsul tədarük edilib. Hazırda stansiyada ilkin artırma, super elit, elit reproduksiyalı toxum istehsalı prosesi gedir. Bu günədək 59 ton “Qarabağ-22”, “Qarabağ-23” arpa, 170 ton “Qobustan”, “Tale-38, “Əzəmətli-95” yumşaq buğda sortlarının təmizlənməsi başa çatıb. Toxum istehsalı yüksək dövlət standartlarına uyğun həyata keçirilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə veriləcək.