REGİONLAR
Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri tezliklə yekunlaşacaq VİDEO
Tərtər, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər respublika əhəmiyyətli yolları da əhatə edir. Bu yollardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan Tərtər-Hindarx avtomobil yoludur. Layihə üzrə işlər artıq yekunlaşmaq üzrədir.
Tikintidə iş icraçısı Saləddin Dadaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsinə asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəldiyindən yolun yenidən qurulmasına ehtiyac var idi. Yolun yenidən qurulması işləri çərçivəsində mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb. Əvəzinə qum-qırmadaş qarışığından alt layın, optimal-çınqıl qarışığından isə üst layın təmiri işləri görülüb. Çiyin hissələr 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilib. Layihəyə uyğun olaraq, yol boyu diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonmetr dəmir-beton suötürücü borular quraşdırılıb.
Hazırda alt layı 7 santimetr, üst layı isə 5 santimetr olmaqla, 15 santimetr qalınlığında asfalt-beton qarışığından yol örtüyünün salınması işləri sürətlə davam etdirilir. Artıq yolun 8,5 kilometr hissəsində işlər yekunlaşıb. 12 kilometrdə isə alt lay asfalt örtüyün döşənməsi həyata keçirilib.
Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa olunacaq. Yolboyu hərəkətin normal təşkili üçün nişan və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikintinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsinin yenidən qurulması ilə vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq. Odur ki, avtomobil yolunun yenidən qurulması sakinlərinin sevincinə səbəb olub.
Ağdam rayonundan gəlmiş Cabbar Cabbarov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Son illərdə cəbhə bölgəsində olan yolların yenidən qurulması, təmir edilməsi istiqamətində xeyli iş görülüb. Bütün bunlar, o cümlədən Tərtər-Hindarx yolunun yenidən qurulması biz sakinləri sevindirir. Mən özüm bu yolla tez-tez gedib gəlirəm. Əvvəllər yol yaxşı deyildi. Odur ki, həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. İndi isə yollar yüksək keyfiyyətlə yenidən qurulur. Mənzil başına tez və rahat çatacağıq".
Tərtər rayon İsmayılbəyli kənd sakini Yaşaq Alışov isə fikrini belə ifadə edib: “Təbii qaz, elektrik, su ilə təmin olunmuşuq. İndi isə yollarımız yenidən qurulur. Yolun rahat olması kənd sakinləri üçün çox vacibdir. Bundan sonra əkib-becərdiyimiz məhsulları, saxladığımız mal-heyvanı bazarlara rahatlıqla apara biləcəyik. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.