REGİONLAR


Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb

Tərtər, 16 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər respublika əhəmiyyətli yolları da əhatə edir. Bu yollardan biri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən yenidən qurulan respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yoludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun uzunluğu 41 kilometrdir. Yolun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il yekunlaşdırılıb. Cari ildə isə yolun 0-17 kilometrlik hissəsində təmir-tikinti işləri həyata keçirilib. Yolun bu hissəsində yararsız yol örtüyü və torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qrunt tökülərək kipləşdirilib. Təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq 30 santimetr hündürlükdə qum-qırmadaş materialından əsasın alt layı, 18 santimetr qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülüb. Layihəyə uyğun olaraq yolboyu, ümumilikdə, diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonmetr dəmir-beton suötürücü borular quraşdırılıb. Yola 12 santimetr qalınlığında asfalt-beton örtük döşənib. Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa edilib, 87 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib. Hərəkətin normal təşkili üçün yolboyu 66 yol nişanı, 22 kilometr göstərici və 660 siqnal dirəyinin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.